Nə fərqi var?
No ratings yet · 9 views
Güzgü gülməsə də, mən gülürəm yenə
Nə fərqi var, kim gülür, kim ağlayır?
Kölgəm gəlməsə də mən qaçıram hələ
Nə fərqi var, kim qaçır, kim ayaq saxlayır?
Kimsə danışır, eşitmirəm sözünü,
Kimsə ötüb gedir, tanımıram üzünü,
Bəlkə də dəlilik tanımamaqdır özünü?
Nə fərqi var, kim dəlidir, kim ağıllı?
Bir köhnə yuxudan oyanıram yenə,
Nə dünən var ortada, nə də sabah mənə.
Bəlkə də, yaşamdır unutmaq hər anı,
Nə fərqi var, kim yaşayır, kim unudur?
Gecəmi saymıram, gündüzüm bilinmir,
Səslər var başımda; heç biri dinmir.
Öz-özümə çevrilirəm, içimdə çürüyür...
Nə fərqi var, kim ölür, kim öldürür?
Qələmim titrəyir, əlim tutmur fikrimi,
Kağız da yorulub daşımaqdan içimi.
Bir daha başlayıram, amma dəyişmir...
Nə fərqi var, şairmi yanır, yoxsa şeiri?