İttihamnamə

ravanvalizada | Şeir | 2026-02-26 18:25:17

⭐ 5.0  ·  28 views

Bu şəhərdə hər şey satılır, inan,
Bazara çıxıbdır abırla həya.
Sərilib yerlərə qeyrət, şərəf, şan,
Qiymət qoyulubdur günəşə, aya.
 
Nə qəribə haldır, nə qəribə dövr,
Ruhun da dəyəri bir qara pulluq.
Azadlıq dediyin qəfəs içində,
Ən böyük səadətdir bəndəyə qulluq.
 
Bina ucaldırıq, göylərə dəyir,
Lakin insanlığın boyu kiçilir.
Zalımın qarşısında məzlum baş əyir,
Haram şərbət kimi burda içilir.
 
Baxırsan, hər kəsin əynində xara,
Lakin ürəkləri sökük-sökükdür.
Namusu gətirib qoyublar bura,
Vicdanın qəddi də yaman bükükdür.
 
Üzlərə baxırsan, nura boyanmış,
Ruhun daxilində zülmət gecədir.
Hər kəs öz nəfsinin quluna dönmüş,
Bilmirsən bu şəhər axı necədir?
 
Atanı balaya satan gördüm mən,
Qardaşın qardaşdan qaçdığı yerdir.
Burda həqiqəti boğan gördüm mən,
Yalanın başlarda tac olduğu yerdir.
 
Dua da satılır, qarğış da burda,
Mərhəmət bir quru "sağ ol"a möhtac.
Qurdlar quzu donu geyib gəzir də,
Zəiflər qalıbdır hər kəsə əlac.
 
Məzar daşlarına hörmət qoyular,
Sağ ikən kimsənin yoxdur dəyəri.
Dirinin qəlbi də hər gün oyular,
Ölümdən betərdir ömrün kədəri.
 
Güzgülər utanır baxan simadan,
Çünki hər baxışda min bir oyun var.
Qurtula bilmirik bu boş xülyadan,
Sürüdən ayrılan tənha qoyunlar var.
 
Gəl, Vəli, bağla dəftəri, bitir bu sözü,
Burda mənliyin də mülkü talanar.
Tanrıdan gizlənən bəndənin üzü,
Axirət mülkündə rəngi saralar.
@Ravan Vali
Günümüzün problemlərini çox gözəl yansıdıb
← Back