Anamdan ayrı

ravanvalizada | Şeir | 2026-02-14 12:26:58

No ratings yet  ·  35 views

Ocağıma küsüb, ocağına düşdüm, ana,
Ocağında kül olmadan, qucağınla sar məni.
Qızdır maşanı, topuqlarıma, ayaqlarıma çək,
Çək ki, səadəti eşiklərdə axtarmayım.
 
Ürəyimi səhralara atıb, susuz qaldım, ana,
Dodaqlarım çatlamadan, sözlərinlə suvar məni.
Doldur ovcunu, əlimə, üzümə, dağıt gözlərimə,
Dağıt ki, məhəbbəti özgələrdə sanmayım.
 
Günahımı çiynimə alıb, əyildim, ana,
Çiyinlərim qırılmadan, duanla qaldır məni.
Yüngüllüyü əllərinlə qəlbimə səp,
Səp ki, yükümü yad ellərdə daşımayım.
 
Səsimi küləklərə verib, lal qaldım, ana,
Səsim batmadan, adımla çağır məni.
Küləklərdən geri al o itən avazımı,
Al ki, cavabında 'anam' deyib haraylayım.
 
Kök saldığım bətnini özümə məzar seçdim, ana,
Gəzim qarış-qarış, məzarıma basdır məni.
Əvvəlim səndə var olub, elə səndə yox olum,
Olum ki, qəbrimdə də səndən ayrı qalmayım.
← Back